Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Antonio Tajani İtaliyanın və Farnesina-nın həm ölkə daxilində, həm də dünyada qadınlara qarşı hər cür zorakılığın və ayrı-seçkiliyin qarşısının alınması və onunla mübarizə aparılması istiqamətində davamlı öhdəliyini bir daha təsdiq edir.
“Qadınlara qarşı zorakılıq insan hüquqlarının qəbuledilməz pozuntusudur və cəmiyyətlərimizin inkişafına maneə yaradır. İtaliya gender bərabərliyinin, qadınların gücləndirilməsinin və ən həssas insanların qorunmasının təşviqində ön sırada olmağa davam etməlidir. Elə bir gələcək qurmalıyıq ki, heç bir qadın öz azadlığı və ya həyatı üçün qorxmasın. Bu, həm dövlət qurumlarının, həm vətəndaş cəmiyyətinin, həm də hər birimizin üzərinə düşən bir məsuliyyətdir” – deyə Nazir bildirib.
Gender əsaslı zorakılığın aradan qaldırılması İtaliyanın xarici siyasətinin və inkişaf əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə İtaliya qadın cinsiyyət orqanlarının sünnəti və erkən, məcburi nikahlar kimi zərərli təcrübələrə qarşı beynəlxalq kampaniyaları dəstəkləməklə yanaşı, həmçinin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının fəaliyyətinə də fəal şəkildə töhfə verir. Qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə, 2026–2028-ci illər əhatə edən dövrü üçün BMT İnsan Hüquqları Şurasının üzvü kimi İtaliyanın prioritetlərindən biri olacaqdır.
Bu il də Nazirlik və xarici nümayəndəliklər UN Women tərəfindən təşviq olunan “Orange the World” qlobal kampaniyasına qoşularaq, Farnesina binasının fasadının işıqlandırılması və vətəndaş cəmiyyətinə eləcə də gənclərə yönəlmiş maarifləndirici təşəbbüslərdə iştirak edirlər.
Farnesina və İtaliyanın diplomatik-konsulluq şəbəkəsi həmçinin qadın qətllərinə qarşı mübarizənin və hər cür zorakılığa qarşı açıq mesajın universal simvolu olan “qırmızı skamyalar” təşəbbüsünə dair öhdəliklərinə yenidən dəstək verir.
Zorakılığa qarşı mübarizə mövzusunda təlimi də əhatə edən təhsil proqramlarının təşviqi davam edir. Bunun nümunələrindən biri Giulia Cecchettin xatirəsinə yaradılmış “Invest Your Talent in Italy” təqaüd proqramıdır.
Beləliklə, “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyi çərçivəsində İtaliya, Milli Fəaliyyət Planı və ölkəmiz tərəfindən irəli sürülən Aralıq dənizi Qadın Vasitəçilər Şəbəkəsi vasitəsilə qadınların münaqişələrin qarşısının alınması, vasitəçilik və sülhün qurulması proseslərində iştirakını gücləndirməyə yönəlmiş təşəbbüsləri davam etdirir.
