İtaliya və Azərbaycan
İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır. Ticari baxımından biz ölkənin ilk kommersiya tərəfdaşıyıq. Bizi həm də fəal siyasi dialoq birləşdirir. Həmçinin xalqlarımız arasında mövcud olan təbii rəğbət kino, memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir.
İtaliya ilə Azərbaycan arasında münasibətlər
Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir.
Ölkəmizlə Azərbaycan arasında siyasi münasibətlər sonuncunun Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də elan etdiyi qısa “ilk müstəqilliyi” ilə başlamışdır. Həmin dövrdə İtaliyanın bəzi iqtisadi və hərbi nümayəndələri Qafqaz ölkəsinə göndərildi.
İki ölkə arasında Sovet İttifaqının yaranması ilə zəifləyən əlaqələr kino və musiqi vasitəsi ilə canlı mədəni əlaqələr şəklində mövcudluğunu davam etdirdi.
Real əməkdaşlıq SSRİ-nin dağılması və Azərbaycanın 1992-ci il yanvarın 1-də müstəqillik əldə etməsi ilə bərpa olundu. Bu tarixi hadisə İtaliya ilə Azərbaycan arasında münasibətlərin xüsusi bir dövründə baş verdi. Belə ki, müstəqillik elan edildikdən bir neçə gün sonra Azərbaycanın Baş naziri Həsən Həsənov İtaliya nümayəndələri, o cümlədən oktyabrın 27-də görüşdüyü baş nazir Andreotti ilə bir sıra danışıqlar aparmaq üçün Romada olmuşdur. Səfər zamanı İtaliyanın “Tecnimont” və “Fata” şirkətləri ilə mühüm sazişlər imzalanmış, Merloni ilə birlikdə Azərbaycanda İtaliyanın sənaye mövcudluğunun yaradılmasına rəhbərlik etməyə dəvət edilmişlər. Beləliklə, iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlamışdır.
Son dövrlərdə Bakı ilə tərəfdaşlıq Romaya Ukraynada müharibənin başlaması və pandemiya sonrası istehlakın bərpası nəticəsində artan karbohidrogen qiymətlərinin yaratdığı mənfi nəticələri azaltmağa imkan verdi. Beləliklə, Azərbaycan son illərdə TAP, Trans-Adriatik Qaz Boru Kəməri sayəsində ölkəmizin birici xam neft tədarükçülərindən və əsas qaz təchizatçılarından birinə çevrilmişdir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından Avropaya qaz nəqli üçün nəzərdə tutulan bu layihə, təkcə 2022-ci ildə İtaliyaya 13,2 milyard avro (illik 3,9 dəfə artım) dəyərində 10,3 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarükünü təmin etmişdir.
Lakin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin də sübut etdiyi kimi hər iki ölkə ticarətdən tutmuş mədəniyyətə qədər saysız-hesabsız sahələrdə fəal və sərfəli əməkdaşlıq etdiyinə görə İtaliya-Azərbaycan tərəfdaşlığının enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşdığını düşünmək səhvdir. Bu baxımdan, ilk İtaliya dövlət başçısının Azərbaycana səfəri olan 2018-ci ilin iyulunda Respublika Prezidenti Sercio Mattarellanın Bakıya tarixi dövlət səfərini xatırlamaq olar. Bu səfərdən sonra İtaliyaya eyni dərəcədə əhəmiyyət daşıyan iki tarixi səfər baş tutdu: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2018-ci ilin sentyabrında Azərbaycan Birinci vitse-prezidenti kimi həyata keçirdiyi ilk institusional xarici səfəri və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri.
Təbii ki, ikitərəfli münasibətlərin belə dərinləşməsi 23 oktyabr 2020-ci il tarixində baş qərargahımızın müasir diplomatik missiyanın ehtiyaclarına cavab verən daha geniş struktura köçməsi ilə nəticələndi. Eyni zamanda 8 noyabr 2022-ci il tarixində İtaliyada Azərbaycanın Romadakı Səfirliyinin yeni binasının və Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı reallaşdı.
Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur hekayəsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.